Qadın klassik kostyumu necə seçilməlidir?
Ölçü, parça və kəsim üzrə düzgün seçim etməyin əsas qaydaları:

Klassik kostyum işgüzar qadının qarderobunda ən çox istifadə olunan geyimlərdən biridir. Amma uğurlu seçim üçün təkcə bəyəndiyimiz rəngə və etiketdə yazılan ölçüyə baxmaq kifayət etmir. Eyni ölçüdə olan iki kostyumun biri rahat və səliqəli görünə, digəri isə hərəkəti məhdudlaşdıra bilər. Fərqi yaradan əsas məqamlar kəsim, bədənə oturuş, parça və geyimin istifadə məqsədidir.
Xüsusilə parçanın sıxlığı, keyfiyyəti, qırışmaya davamlılığı, mövsümə uyğunluğu və formasını saxlama xüsusiyyəti klassik kostyumun həm rahatlığını, həm də uzunmüddətli səliqəli görünüşünü tamamlayır.
Rəng seçimində isə rəsmi və protokol geyim qaydalarına uyğun olaraq qara, tünd-göy və tünd-boz kimi klassik tonlara üstünlük verilməsi daha rəsmi və peşəkar görünüş yaradır.
Bəs qadın klassik kostyumu alarkən nəyə diqqət etməliyik?
- Əvvəlcə kostyumu harada geyinəcəyinizi müəyyənləşdirin.
Gündəlik ofis üçün: uzun saatlar oturub-qalxmağa, gəzməyə və hərəkət etməyə imkan verən rahat kəsimə üstünlük verilməlidir.
Rəsmi görüş və təqdimatlar üçün: çiyin xətti səliqəli olan pencək, bədənə uyğun şalvar və ya midi ətək daha yığcam görünüş yaradır.
Bir neçə fərqli məkan üçün: ayrı-ayrılıqda da geyinə biləcəyiniz pencək və şalvar seçmək qarderobun imkanlarını artırır.
Ən yaxşı seçim yalnız güzgünün qarşısında deyil, gün ərzində özünü rahat hiss etdiyiniz seçimdir.
- Düzgün ölçü rəqəmdən daha vacibdir.
Kostyum seçərkən ən çox rast gəlinən səhvlərdən biri pencək və şalvarın mütləq eyni ölçüdə olmalı olduğunu düşünməkdir. Halbuki bir çox hallarda qadınların çiyin, bel və omba ölçüləri fərqli nisbətlərdə olur. Üst geyimdə sizə uyğun gələn ölçü alt geyim üçün eyni dərəcədə rahat olmaya bilər.

- Çiyin tikişi çiyinin təbii xəttinə yaxın otururmu?
- Düyməni bağlayanda ön hissədə güclü dartılma və ya açılma yaranırmı?
- Qollarınızı önə uzatdıqda və qaldırdıqda hərəkətiniz çox məhdudlaşırmı?
- Pencəyin uzunluğu sizin istədiyiniz silueti yaradırmı?
Klassik qadın pencəyinin omba hissəsini örtəcək uzunluqda olması daha balanslı və zərif siluet yaradır, bədən proporsiyalarını vizual olaraq tarazlaşdırır. Xüsusilə işgüzar geyim üslubunda bu uzunluq omba xəttini yumşaq şəkildə örtərək daha səliqəli, təmkinli və peşəkar görünüş formalaşdırır.

Klassik şalvar seçərkən bunlara diqqət etmək lazımdır:
- Bel xətti oturanda sıxmamalı, ayağa qalxanda isə yerindən sürüşməməlidir.
- Omba və bud hissəsində dartılan üfüqi qırışlar yaranmamalıdır.
- Şalvarın balaq uzunluğu geyinəcəyiniz ayaqqabı ilə yoxlanmalıdır.
Bir neçə addım atın, oturun və yenidən ayağa qalxın: rahatlıq yalnız ayaqüstə dayanan zaman qiymətləndirilməməlidir.

Klassik jilet seçərkən bunlara diqqət etmək lazımdır:
- Çiyin və sinə hissəsində düzgün oturuş olmalıdır. Çox boş görünməməli, amma düymələr bağlananda da dartılmamalıdır.
- Bel xəttinə uyğunluğu önəmlidir. Jilet bədən formasını səliqəli göstərməli, lakin sıxmamalıdır.
- Düymə hissəsində açılma və gərilmə olmamalıdır. Bu, ölçünün uyğun olmadığını göstərə bilər.
- Uzunluğu şalvar və ya ətəklə proporsional görünməlidir. Çox qısa və ya həddindən artıq uzun jilet balansı poza bilər.
Jilet həm klassik şalvarla, həm də midi ətəklə rahat kombinlənə bildiyi üçün qarderobda çox funksional parçadır. Əgər dəst şəklində istifadə ediləcəksə, rəng və parça uyğunluğu pencək və alt hissə ilə eyni və ya ahəngdar olmalıdır.

Klassik ətək seçərkən bunlara diqqət etmək lazımdır:
- Bel hissəsi rahat oturmalıdır. Nə çox sıxmalı, nə də boş qalmalıdır.
- Uzunluğu çox vacibdir. İşgüzar stil üçün adətən dizdən bir qədər aşağı və ya midi uzunluq daha uyğun olur.
- Oturanda və hərəkət edəndə rahatlıq mütləq yoxlanmalıdır. Ətək yalnız ayaqüstə deyil, gündəlik hərəkətdə də rahat olmalıdır.
- Kəsimi bədən quruluşuna uyğun seçilməlidir. Düz kəsim və ya qələm ətək daha klassik və səliqəli görünüş verir.
- Ətəyin astarının, tikişinin və formanın saxlanmasının keyfiyyətli olması vacibdir.
- Əgər dəstin bir hissəsidirsə, pencək və ya jiletlə eyni xəttdə görünməsi lazımdır.
Düzgün seçilmiş klassik ətək həm köynək, həm jilet, həm də pencəklə rahat uyğunlaşaraq çoxsaylı kombin imkanları yaradır.

Kostyumu bəyəndinizsə, qərar verməzdən əvvəl bu beş addımı yoxlayın:
- Pencəyi həm açıq, həm də düymələnmiş vəziyyətdə yoxlayın.
- Oturun, ayağa qalxın, qollarınızı hərəkət etdirin.
- Pencək və şalvar ölçülərini ayrı-ayrılıqda qiymətləndirin.
- Balaq və qol uzunluğunun düzəliş tələb edib-etmədiyini müəyyənləşdirin.
- Seçdiyiniz dəsti ən azı iki köynək və ya bluzla necə geyinəcəyinizi düşünün.
Bu sadə yoxlama yalnız görünüşə deyil, geyimin gündəlik istifadəsinə də diqqət etməyə kömək edir.
Müəllif : Çinarə Mustafayeva